10/08/2026
Son paylaşımımızda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər barəsində qısa məlumat verilmişdir. Qanunla işçilərin pay (səhm) iştirakı planlarının tətbiqi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə və dəyişikliklər vasitəsilə korporativ və investisiya münasibətlərinin tənzimlənməsinə dair mühüm yeniliklər müəyyən edilmişdir.
Bu çərçivədə, mühüm dəyişikliklərdən biri Məcəlləyə korporativ müqavilə ilə əlaqədar yeni müddəaların əlavə edilməsidir. Yeni tənzimləməyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları və səhmdar cəmiyyətinin səhmdarları, habelə müəyyən hallarda cəmiyyətin özü korporativ hüquqlarının həyata keçirilməsi qaydasını, eləcə də cəmiyyətin fəaliyyətinin təmin edilməsi və idarə edilməsi ilə bağlı məsələləri həll etmək məqsədilə öz aralarında korporativ müqavilə bağlaya bilərlər. Bununla yanaşı, korporativ müqavilə çərçivəsində iştirakçılar və ya səhmdarlar üçün fərqli səsvermə, dividend və cəmiyyətin ləğvi ilə bağlı xüsusi hüquqların müəyyən edilməsi imkanları də nəzərdə tutulmuşdur.
Əlavə olaraq, Məcəlləyə payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqlar (birgə satış hüququ, məcburi satış hüququ və ilk imtina hüququ), məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının hüquqlarına dair yeni müddəalar, habelə konvertasiya edilən borc müqaviləsi, gələcək iştirak payı (səhm) haqqında müqavilə və işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı yeni tənzimləmələr əlavə edilmişdir.
Nəticə etibarilə, qəbul edilmiş dəyişikliklər korporativ münasibətlərin daha ətraflı tənzimlənməsinə, iştirakçı və səhmdarların hüquqlarının həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də investisiya münasibətləri üzrə yeni hüquqi tənzimləmələrin müəyyən edilməsinə xidmət edir.
Qanunla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 16-cı, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır: