Hüquqazidd

Hüquqazidd Pozulmuş hüquqlarınızın bərpası ilə bağlı müraciət etmək üçün mesengerlə əlaqə saxlaya bilərsiniz.

21/08/2023

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılovun yeni məqaləsi

Diskresion səlahiyyətlərin mahiyyəti haqqında

Səlahiyyətverici əsasların yoxlanılması zamanı inzibati orqanlar tərəfindən məcburi olaraq (qeyd-şərtsiz) və diskresion səlahiyyət əsasında qəbul edilmiş inzibati aktlar bir-birindən fərqləndirilməlidir.[1]

Hüquq ədəbiyyatında inzibati orqanın istifadə etdiyi səlahiyyətlər sərbəstlik dərəcəsinə görə bağlı (qapalı) səlahiyyət və mülahizə (diskresion) səlahiyyətə ayrılır. İkincisinin (mülahizə səlahiyyətinin) nisbətən sərbəstlik daşıması ilə yanaşı, qapalı səlahiyyətdə verilən qərarın məzmunu əvvəlcədən bəlli olduğuna görə, səlahiyyət olmaqdan çıxıb, vəzifəyə çevrilir. Müəyyən səbəblərlə bağlı yazılı normativ tənzimləmə idarəetmə orqanlarının hansı qərarı qəbul etməsini xüsusi göstəribsə, bu halda qapalı səlahiyyətdən danışmaq olar.[2]

Yuxarıda qeyd edilənləri konkret nümunə üzərindən izah etməyə çalışaq. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Göründüyü kimi, yuxarıda qeyd edilən şərtlər mövcud olduqda səlahiyyətli inzibati orqan tərəfindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilir. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsindəki dispozisiya şərtlərinin yerinə yetirilməsi inzibati orqanın məhz əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul etməsini şərtləndirir, yəni inzibati orqanın başqa cür qərar qəbul etmək imkanı (sərbəstliyi) olmur. Buna elmi ədəbiyyatda “qapalı (bağlı) səlahiyyət” də deyilir.

Bunun əksinə olaraq bəzi hallarda inzibati orqanların diskresion səlahiyyətləri mövcud olur. İnzibati orqanların diskresion səlahiyyətlərindən danışmamışdan öncə “diskresion səlahiyyət” nədir?, “diskresion səlahiyyət”in qanunvericiliyə daxil edilməsi zərurətinin nədən doğması kimi suallara cavab tapmağa çalışaq.

“Diskresion (latınca discretio-mülahizə, fransızca discretionnaire-şəxsi mülahizədən asılı olan deməkdir) səlahiyyətlər”ə hüquq ədəbiyyatında, eyni zamanda müxtəlif ölkələrin qanunlarında fərqli təriflər verilmişdir.

Belə ki, hüquq ədəbiyyatında bir yanaşma ondan ibarətdir ki, əgər qanun inzibati orqana hər hansı bir hərəkəti etməyi məcbur etmirsə, demək burada söhbət diskresion səlahiyyətlərdən gedəcəkdir. Başqa bir fikrə görə diskresion səlahiyyətlər hüquqi nizamasalmanın inzibati orqana verdiyi sərbəstlikdir.

Qeyd etmək lazımdır ki, verilən təriflərin bir çoxu mahiyyətcə bir-birinin təkrarıdır. Həmin təriflərin ümumiləşdirilməsi belə nəticə çıxarmağa imkan verir ki, diskresion səlahiyyət-inzibati orqanın fəaliyyətinin qanunla imperativ formada tənzimlənmədiyi və inzibati orqana öz mülahizəsi əsasında hərəkət etmək imkanının verilməsidir.

Avropa Şurası Nazirlər Kabinetinin 1980-ci il tarixli “İnzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında” R(80) saylı tövsiyəsinə görə mülahizə səlahiyyəti-inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyətdir”.

Diskresion səlahiyyətlərin sərhədlərinin hüquqla çəkildiyi və məhkəmə nəzarətinə tabe tutulduğu vaxtdadək bu səlahiyyətlərin təhlükəli nəticələrə səbəb olan hüquqi tənzimləmə aləti olmasının tarixi örnəkləri çoxdur. Ancaq çağdaş dövrümüzdə diskresion səlahiyyətləri inzibati orqanın özbaşınalığı kimi qəbul etmək doğru olmazdı.

Belə ki, diskresion səlahiyyətin müasir qanunvericiliyə daxil edilməsini zəruri edən səbəblər vardır. Bu səbəblər sırasında inzibati orqanın səlahiyyətlərini müəyyən edən hüquqi aktlarda ən incə detalların bəzi hallarda tənzimlənməməsi, eyni zamanda inzibati orqanların fəaliyyət istiqamətlərinin bütün incəliklərini əvvəlcədən müəyyən edib hüquqi aktlarla tənzimlənmənin mümkün olmamasını göstərmək olar. Bundan başqa, müəyyən zaman keçməsi ilə inzibati orqanın təcrübədə qarşılaşdığı problemlərin artması (və ya yeni problemlərlə qarşılaşması) və qanunvericiliyin buna reaksiyasının (təkmilləşdirilmə aparmasının) zaman alması, bəzi məsələlərin inzibati orqanların qiymətləndrilməsindən asılı olması və s. halları qeyd etmək olar.

Nəzərə almaq lazımdır ki, qanunvericinin inzibati fəaliyyətin ən incə detallarını hüquqi nizamasalmaya tabe tutması, yekunda işin səmərəli həllinin çətinləşməsinə gətirib çıxara bilər. Məsələn, fikrmizi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 14-cü maddəsinə nəzər salaraq izah edək.

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Normanın məzmunundan müəyyən olunur ki, orada nəzərdə tutulmuş şərtlər yerinə yetirildiyi halda belə, qanunverici hüquqi nəticə seçilməsini (əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib-edilməməsini) diskresion səlahiyyətlərə aid etmişdir. Qanunvericinin qeyd olunan məsələni diskresion səlahiyyətlər kimi tanımasının bir çox səbəbi ola bilər.

Belə ki, bu səbəblər sırasında işin xüsusiyyətlərindən asılı olaraq fərqli vəziyyətlərdə ortaya çıxacaq məsələlərin qanunvericinin əvvəlcədən görə bilməməsini, ictimai münasibətlərin dəyişkən və daim inkişaf edən olmasını, eyni zamanda konkret halda əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vətəndaşlığa qəbul edilməsinin ictimai marağa ziyan vurma təhlükəsi yaratmasını və s. göstərmək olar.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətin verildiyi “zamanın” da əhəmiyyəti vardır. Belə ki, adi bir şəraitdə verilmiş vəsatətlərlə qaçqınların ölkə ərazisinə axın etdiyi vaxtda verilən vəsatətlərə fərqli münasibət göstərilə bilər (fərqli hüquqi nəticələr seçilə bilər).

Göründüyü kimi, yuxarıda qeyd olunan hallar inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin bütövlükdə hüquqi nizamasalmaya tabe tutulmasına imkan vermir. Odur ki, dəyişən şəraitə (fərqli vəziyyətlərə) dərhal reaksiya vermək və işlərin daha səmərəli həlli məqsədi inzibati orqanların diskresion səlahiyyətlərlə təmin edilməsini qaçılmaz edir.

Milli qanunvercilikdə diskresion səlahiyyətlərin təsbiti

Milli qanunvericilik sistemimizə daxil olan normativ hüquqi aktlarda da “diskresion səlahiyyətlər” ifadəsi təsbit olunmuşdur.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləridir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

Qeyd etmək lazımdır ki, inzibati orqanın diskresion səlahiyyətlərə malik olması qanundan irəli gəlməli, başqa sözlə, qanunlarda diskresion səlahiyyətlər üçün əsaslar müəyyən edilməlidir.

İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallardan başqa, inzibati orqanların “diskresion səlahiyyətləri”nin mövcudluğu qəbul ediləcəkdir. Başqa sözlə, müəyyən səbəblərdən hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınıb.

Bəzən inzibati orqanın səlahiyyətinin diskresion olub-olmamasını müəyyən edilməsi üçün qrammatik təfsir metoduna müraciət edilməlidir. Başqa sözlə desək, qanunvericiliyin işlədiyi sözlərə fikir vermək lazımdır. Müvafiq hüquq normasında “bilər”, “səlahiyyətlidir”, “səlahiyyəti vardır” və s. sözlər diskresion səlahiyyətlərin təsbit olunmasını göstərir. Məsələn, aşağıda qeyd olunan hüquq normalarına nəzər salaq.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun:

Maddə 22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını saxlaması

Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirsə, digəri isə Azərbaycan Respublikası vətəndaşlığında qalırsa, uşaq Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi:

9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək və s.

9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

“Antiinhisar fəaliyyəti haqqında” Qanun:

Maddə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması

Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər.

Bundan başqa, “inzibati orqanın aşağıdaki qərarlardan birini qəbul etmək səlahiyyəti var” məzmunlu müddəalar hüquq normalarında təsbit olunarsa, burada da söhbət inzibati orqanın diskresion səlahiyyətlərindən gedəcəkdir.

26/07/2023

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

24/06/2023

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

26/05/2023

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

19/05/2023

✅ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 18 may tarixli qərardadında müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə görə, kassasiya şikayətinin qaytarılması nəticəsində kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib.

✅ Ali Məhkəmə araşdırmanı apararkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının Zubac Xorvatiyaya qarşı iş üzrə qərarına istinad edərək, həmçinin öz məhkəmə təcrübəsini yenidən nəzərdən keçirib.

✅ Ali Məhkəmənin qərarında hüquqi müəyyənlik və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ali Məhkəmənin yurisdiksiyasına toxunan məsələ üzrə icraat zamanı ərizəçi və apellyasiya instansiyası məhkəməsi tərəfindən yanlış prosessual addıma yol verildikdə, Ali Məhkəmə Qanunun Aliliyini bərpa etməlidir. Bununla da, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəlilik prinsipi dəstəklənməli və belə şəraitdə, apriori, heç bir həddindən artıq formalizmdən söhbət gedə bilməz. Qanunun Aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması ilə bağlı heç bir gözlənti ola bilməz.

✅ Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Bundan əlavə, vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini daşıyan Ali Məhkəmə dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi səbəbindən kassasiya şikayətinin qeyri-mümkün olmasına dair çoxsaylı qərarlar qəbul edib, həmin qərarlar Ali Məhkəmənin internet səhifəsindəki elektron axtarış sistemində yerləşdirilib.

✅ Kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun müəyyənləşdirilmiş məbləğdə ödənilməməsi kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz.

✅ Kassatorun peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir, Ali Məhkəmə isə tərəflərin kassasiya şikayətinin verilməsi ilə bağlı səhvlərini düzəltmək vəzifəsini daşımır. Belə halda, cavabdehin kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.

✅ Kassasiya şikayətinin mümkünlüyünə dair məsələlərin təhlili nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən özbaşınalığın qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir.

✅ Kassasiya şikayətinin qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə verilməsini yoxlamaq ilk növbədə apelyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməli və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan işi baxılması üçün Ali Məhkəməyə göndərməməlidir.

16/05/2023

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadı

10/05/2023

✅ Azərbaycan Respublikası Ali Məhkəməsi mühabisəli hüquqi məsələ üzrə vahid məhkəmə təcrübəsi yaradan qərar qəbul edib.

✅ Xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi üzrə qərar qəbul edilib.

✅ Belə ki, xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiyanın 12-ci maddəsinin və 1994-cü il 26 may tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.

✅ Qeyd olunan prosedur, şərtlər və müddəalara əməl olunması xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əksini tapmış əməlin hüquqi tövsifi rəhbər tutulmaqla məhz tövsifin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.

✅ Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşmasına əsasən təqdimatda qeyd edilən konkret material üzrə qanuni və əsaslı nəticə kimi məhkum ### Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.

✅ Ali Məhkəmənin Cinayət kollegiyasının məhkum ### barəsində olan materiala baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələyə baxan bütün digər məhkəmə tərkibləri hazırkı qərarda müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutmalıdırlar.

Daha ƏTRAFLI:https://supremecourt.gov.az/storage/pages/1011/qerardad-10-05-2023.pdf

11/04/2023

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

29/03/2023

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

Address

Baku

Telephone

+994559094720

Website

Alerts

Be the first to know and let us send you an email when Hüquqazidd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hüquqazidd:

Share

Category