12/09/2022
Yəqin ki, futbolla az-çox maraqlananlar “Més que un Club” ifadəsi ilə tanışdırlar. İspan dilindən tərcümə edildikdə, “Bir klubdan daha çox(u)” mənası verən bu deyim İspaniya ərazisindəki Kataloniya bölgəsinin əsas futbol komandası olan Barselonanın şüarıdır. Tarix boyu özlərini ayrı bir xalq hesab edən, müstəqil olmağa çalışan və ispan milliyyətçiliyinə qarşı duran kataloniyalılar bu şüarı həyatlarının bir parçası ediblər. Bu ifadədən “Club” sözünü çıxarıb yerinə “película” sözünü əlavə etdikdə, “Més que un película”, yəni “Bir filmdən daha çox(u)” deyimi ortaya çıxır. Bəli, “Bir filmdən daha çox(u)”. Əgər dünyada belə bir ünvanın veriləcəyi bir neçə film varsa, bunlardan biri şübhəsiz ki, 1957-ci ildə çəkilmiş “12 Qəzəbli Adam” filmidir. Baxmayaraq ki, bu film 65 il əvvəl ərsəyə gəlmişdir və hadisələr sadəcə balaca bir otaqda baş verir, demək olar ki, hər zaman hüquqi, psixoloji və fəlsəfi müstəvidə müzakirə olunan bir neçə məsələyə məntiqli, humanist və düşündürücü aspektlərdən nəzər yetirilmişdir. Təəccüblü olan isə odur ki, həmin 12 nəfərin danışdığı, haqqında mübahisələr etdiyi mövzular bu gün də öz aktuallığını qorumaqdadır. Filmdə çoxlu detal olmasına rəğmən, yürüdülmüş ən əhəmiyyətli və dəyərli fikirləri vurğulamaq daha məqsədəmüvafiq olardı. Bundan öncə isə filmin mövzusunu qısa şəkildə açıqlamaq gərəklidir.
Filmdə öz atasını bıçaqla öldürdüyü iddia edilən 18 yaşlı gənc bir oğlan məhkəmə qarşısına çıxarılmışdır. Oğlan və atası kasıb və təhlükəli bir məhəllədə yaşayıb və çətin həyat sürüblər. ABŞ ingilis ümumi hüquq (common law) sisteminə daha yaxın olduğu üçün, ABŞ məhkəmələrində də hüquqşünas olmayan 12 nəfər andlı iclasçı iştirak edir. Burada da həmin gəncin taleyini həll etmək üçün əsasən 12 nəfər andlı iclasçı bir yerə toplaşır. Onların söhbətləri sonunda əldə edəcəkləri qərar gəncin həyatının qalan hissəsini müəyyən edəcək. Əgər oğlanı müqəssir hesab etsələr, onu həyatına elektrikli stula bağlayaraq son veriləcək. Lakin vacib ünsür odur ki, onların qənaəti yekdil olmalıdır, əgər bir nəfər belə fərqli düşüncəyə sahib olarsa, qərar qəbul edilə bilməz. Beləliklə, onlar kiçik bir otağa keçirlər və hər kəs öz nömrəsinə uyğun stula əyləşdikdən sonra səsvermə başlanır. 11 nəfər gəncin təqsirli olduğuna əl qaldırır, yalnız 1 şəxs, 8 nömrəli stulda oturan andlı iclasçı əl qaldırmır. Hamı narazılıq edərək onun işi ləngitdiyini və bunun mənasız olduğunu deyir. O qeyd edir ki, “mən də oğlanın günahsız olduğundan əmin deyiləm, lakin bir insan həyatını belə asanlıqla silib ata bilmərik, müzakirə edib, buna aydınlıq gətirmək lazımdır”. Onun bu hərəkəti heç kəsi razı salmır, hamı bir ağızdan şikayətlənir, amma qanuna uyğun olaraq, yekdil qənaət əldə edilənə qədər otaqda qalmaq məcburiyyətində olduqlarını da bilirlər. Nəticədə, 8 nömrəli iclasçı saatlarla olan səyləri, işi çox dərin aşardırması və inadkarlığı sayəsində hər kəsi oğlanın günahsız olduğuna inandırmağı bacarır və film başa çatır. (Əlbəttə ki, bu, çox sadə və ətraflı olmayan bir icmaldır, filmi tam anlatmaq üçün lazım olan yazı məqaləni həddən artıq uzun edəcəyi üçün bir neçə qısa cümlə məqbul hesab edilə bilər.) İndi isə filmin izləyicilərə çatdırmağa çalışdığı bir neçə məqama göz atmaq yerinə düşərdi.
1. Situasiyanın özəyində insan taleyinin, həyatının həlli dayanırsa, bunu beş dəqiqəyə etməməlisən...
Filmdə münsiflər heyətinin hər biri gündəlik həyatlarında fərqli peşə sahibləridirlər və 8 nömrəli iclasçıdan başqa hamı işi tezliklə yoluna qoyub öz biznesi ilə məşğul olmağa davam etmək istəyir. Buna görə də arzu edirlər ki, məsələni 5 dəqiqəyə bitirsinlər. Əslində, iclasın sədri, başlamazdan əvvəl, bu sözləri ilə problemin önəmini bildirir: “centlmenlər, nəzərə alın ki, söhbət bir gəncin həyatından gedir və biz onu müqəssir hesab etməklə elektrik stuluna göndərmiş olacağıq”. Fəqət bu, çoxlarının vecinə belə deyil. Onları burada itirdikləri vaxt maralandırır, insan taleyi yox. Kimi biznesindən nigarandır, kimi havanın istiliyindən, kimi də bilet aldığı matçı izləyə bilmək üçün tələsir. Heç kim işin məğzinə varmaq arzusunda deyil, məsələyə səthi və diqqətsiz yanaşırlar, ya da belə yanaşma onlara sərf edir... Uşağın gənc olması, atası tərəfindən tez-tez döyülməsi, iqtisadi cəhətdən çox əziyyətli bir güzəran keçirməsi və təhlükəli, cinayət statistikası yüksək olan bir məhəllədə yaşaması onlar üçün bir şey ifadə etmir. 8 nömrəli şəxs istisna olmaqla, bütün iclasçılar gənc oğlana qarşı olduqca “önyarğılı” davranırlar və sanki özlərinə məcburi qəbul etdirirlər ki, “mümkün deyil, atasını öldürən onun oğlundan başqası ola bilməz”. Onlar sadəcə formal şəkildə şahidlərin ifadələrinə önəm verirlər, fərqli dəlillər, nüanslar axtarmağa cəhd belə göstərmirlər. Bəs həqiqətənmi bir insan həyatı bu dərəcədə dəyərsizdir? Hələ həyatının əsas hissəsi qarşıda olan bir gəncin günahsız olduğunu sübuta yetirmək üçün bir neçə saat sərf etməyə dəyməzmi? 8-ci iştirakçının ortaya qoyduğu böyük çalışmanın sonunda, bu sualların cavabının birmənalı olaraq “insan həyatı qədər dəyərli bir şey yoxdur, onun uğrunda yeri gəlsə, nəinki saatlar, hətta günlər, aylar belə sərf etmək mümkündür” olduğu görünür.
2. Cəmiyyətin diqqətindən, qayğısından kənarda qalmış tənha insanlar bütün nəzərləri öz üzərilərinə cəlb etməyi diləyirlər...
Yuxarıda qeyd edildiyi kimi, oğlanın cinayətkar olduğunu iddia edən iki şahid var. Bunlardan biri gənclə atasının qaldığı evin alt mərtəbəsində tək yaşayan yaşlı bir kişi, digəri isə qatar yolunun qarşı tərəfindəki binada yaşayan ortayaşlı tənha bir qadındır. Kişi hakim qarşısında söyləyir ki, oğlan atasını öldürdükdən sonra, o, atanın yıxılma səsini eşidib və tez qapıya doğru yüyürdükdə, gəncin pilləkənlərlə qaçaraq binadan çıxdığını görüb. Ancaq 8-ci iclasçı deyir ki, yaşlı kişinin vurğuladığı kimi insidentin baş verməsi müddəti (saniyə ilə), bir ayağında axsama olan bir qocanın otağından çıxış qapısına doğru gəlmə müddəti ilə uzlaşmır. Buna görə də binanın çertyojunu gətirdirlər və həqiqətən də bu iki vaxt kəsiyinin bir-birləri ilə ziddiyyət təşkil etdiyi görünür. Qadın şahid isə bildirirdi ki, o, oğlanı atasını öldürən anda keçən qatarın pəncərəsindən görüb. Onun bunu görməsi isə mümkünsüz idi, çünki o eynək taxırdı, amma yatan zaman eynəyini çıxarmışdı və otaqda işıq söndürülmüşdü. Qətl anında gözündə eynək olmadığı və bu səbəblə, gecə saatlarında yolun bu tayından digər tərəfi dəqiqliklə seyr edə bilmədiyi üçün, qadının gənci atasını bıçaqlayan yerdə görməsi mümkün deyildi. Həmçinin qadın məhkəməyə gələndə, yaşına uyğun olmayan don geyinmiş, saçını yeni rənglə boyatmış və eynəyini taxmamışdı. Yaxşı, bəs bu iki şəxs niyə oğlanla heç bir şəxsi qərəzləri olmamasına baxmayaraq, onun əleyhinə dururlar? Qadın nə üçün adi bir məhkəmə prosesinə xüsusi bir mərasimə gedirmiş kimi bəzənərək gəlmişdi? Bu suallara cavabı filmdə 9 nömrəli andlı iclasçı verir. O bildirir ki, cəmiyyətdə heç kim o qadınla kişiyə önəm vermir, onları saymır. İnsanlar onların fikirlərinə, məsləhətlərinə biganə yanaşırlar və onlardan heç bir şey soruşmurlar. Həyatda başqaları tərəfindən sayılmamaq qədər alçaldıcı, əzabverici bir şey yoxdur. Bax, buna görə onlar oğlanı qətl törədərkən görməsələr də, özlərini buna inandırıblar ki, görüblər və sevinərək məhkəməyə sidq ürəklə, can ataraq gəliblər ki, insanlar onlara qulaq asacaq, onların təqdim edəcəkləri ifadələr əhəmiyyətli və ağır bir cinayət işini həll edəcək və onlar cəmiyyətin gözündə yüksələcək. Məhz budur qəddar həyatda insan qayğısından kənarda qalmağın yekun aqibətlərindən biri...
3. Bir insanı doğulduğu və böyüdüyü mühitə, ətrafına görə deyil, öz şəxsi keyfiyyətlərinə əsasən qiymətləndirmək lazımdır.
Andlı iclasçıların içində öz mövqeyində radikal dərəcədə qəti olanlar da var. Bunlardan biri də 10 nömrəli iclasçıdır. Onun nöqteyi-nəzərincə, bu gəncin cinayətkarların, p*s yola düşmüş insanların özbaşınalıq etdiyi bir yerdə doğulub tərbiyə aldığını göz önünə gətirdikdə, onun da eynilə bu “cani, vəhşilərin” təsirinə düşməsi və bu yolla atasını öldürməsi normal və əslində, elə olması gərəkən haldır. Onun bu düşüncəsi 5 nömrəli iştirakçıya p*s təsir edir və o, sərt şəkildə öz etirazını bildirir. Çünki 5 nömrəli iclasçı özü də həmin gəncin məhəlləsində doğulub, orada boya-başa çatıb. Lakin oxuyub, yaxşı bir iş sahibi olub və sakit, xoş bir həyata sahibdir. Özü də olduqca mədəni, savadlı, səmimi və insanlara qarşı kobudluğu, hörmətsizliyi qəbul etməyən biridir. 5 nömrəli iclasçının həyatına baxdıqda, çox ümdə bir nəticə hasil olur. Demək ki, biz kimisə içindən gəldiyi cəmiyyətə, əraziyə və mədəniyyətə görə tənqid edə bilmərik, bizim üçün əhəmiyyət kəsb edən həmin şəxsin özünün kim olması, hansı xasiyyətə, xüsusiyyətlərə malik olması olmalıdır. Bunun əksini müdafiə etmək, çox böyük “önyarğıya” sahib olmanın bariz göstəricisidir və qətiyyən qəbul edilən deyildir.
4. Keçmiş xatirələrin, arzuolunmaz halların insan psixologiyasında qoyduğu müsbət və mənfi (əsasən mənfi) izlər onun bugünkü qərarlarına təsir edə bilir.
Heyətin içində ən sərt və hətta sadistcəsinə bir yanaşmaya sahib olan isə 3 nömrəli iclasçıdır. O, qərarından heç bir şəkildə dönmək istəmir və məsələyə digər hər kəsdən daha dəyişməz və dar çərçivədən baxır, yalnızca şahidlərin dediyi “faktları” doğru görür. O qədər emosional danışır ki, sanki şübhəli gəncin üzərində mühakimə edildiyi cinayət ona da ağır zərər yetirib. Bu iclasçının nitqindən onun oğlandan qisas almaq istədiyi hiss edilir, o, “oğlan mütləq ölməlidir” deyə qışqırdıqda, bunu o qədər ürəkdən hayqırır ki, filmi izləyən adam öz-özünə “bir insan axı düşünmədən necə bir başqasının ölümünə qarşı bu qədər daşürəkli və inadkar mövqe tuta bilər” deyə təəccüb edir. Bəs, nədir bu daşqəlbliliyin, gəncin ölümünü istəməyin mərkəzində yatan səbəb? Film boyu həmin 3 nömrəli iclasçı bir neçə dəfə oğlunun şəklini göstərir. Dəfələrlə “ehh, uşaqlar, uşaqlar. Onlar nankordur. Bir ömür boyu onların yolunda əziyyət çəkirsən, çalışırsan, böyüdürsən, oxudursan, axırda da...” şəklində cümlələr qurur. Buradan məlum olur ki, onun oğlu ilə arası yaxşı deyil və uzun zamandan bəri görüşmürlər. Onun içində oğluna qarşı olan sevigisindən böyük bir nifrət yaranıb və fürsət axtarır ki, övladlardan söz düşən kimi, oğlunu tənqid etsin, günahlandırsın. Bax, 3 nömrəli iclasçının bu dərəcədə qəddar bir görüşə sahib olmasının əsasında öz oğluna olan qəzəbi dayanır. Təsadüfdən, gəncin ittiham olunduğu cinayət atasını öldürməkdir və onun da atası ilə arasında müsbət münasibətləri olmayıb. Bu faktor 3-cü iclasçını daha da əsəbi və fikrindən çönməyən bir vəziyyətə gətirir. Əslində, o, şübhəli gəncə baxdıqda, öz oğlunu görür və buna görə də oğlunun üzərinə boşaltmaq istədiyi əsəbini, nifrətini onun üzərinə püskürür. Yəni keçmişdə oğlu ilə olan mübahisələrin və oğlundan ayrılmasının onun psixologiyasında buraxdığı izlər cari vəziyyətdə mühakimə edilən gəncin üzərinə nifrətini qusmaqla onu ölümə göndərmək hissini doğurur. Ancaq nəhayət o da gəncin günahsız olduğuna inanır və oğlan ölümdən xilas olur.
Son olaraq, “12 Qəzəbli Adam” 90 dəqiqəlik bir film olsa da, burada qaldırılan problemlər və onlar üçün verilən çözüm üsulları həqiqətən də təqdirəlayiqdir. Əlavə olaraq filmdən də göründüyü üzrə, bu həyatda həm insanın özünə, həm də cəmiyyətə xətər yetirmə ehtimalı olan ən mənfi xüsusiyyətlərdən biri önyarğıya sahib olmaqdır. Mənim üçün isə inkişaf etmiş və tam yetkin həddə çatan insan profilinin əvəzedilməz keyfiyyətlərindən biri həmin şəxsin ilk olaraq önyarğılı olmasına rəğmən, reallığı sezib başa düşdükdən sonra rasional biri kimi düşünüb, fikrini dəyişməyi bacarmasıdır.