21/07/2026
Demokrat.az-a məsələ ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının adını, atasının adını və soyadını dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malik olduğunu bildirib:
“Adın, atasının adının və soyadının dəyişdirilməsi üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə (ZAQS), xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı tərəfindən isə konsulluğa təqdim edilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, atasının adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, atasının adı və soyad, doğulduğu tarix və yer, milliyyəti, vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri göstərilir. Həmçinin əvvəllər adını, atasının adını və ya soyadını dəyişdiribsə, bunun nə vaxt və harada həyata keçirildiyi barədə məlumat, ərizə verilənədək bağladığı nikahlar və onların pozulması, övladları, xarici ölkələrdən deportasiya olunubsa, bu barədə məlumat, eləcə də şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə olunmalıdır. Bu sənədlərə şəxsin doğumu haqqında şəhadətnamə, nikahdadırsa nikah haqqında şəhadətnamə, nikahı pozulubsa nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları varsa onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin və hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətləri, 3×4 sm ölçüdə iki ədəd fotoşəkil, həmçinin dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin adının, atasının adının və soyadının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, atasının adı və ya soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq bu barədə 3 iş günü müddətində ərizə verən şəxsə məlumat verir. Şəxs qeydiyyat şöbəsinə və ya konsulluğa müraciət etdiyi gün dəyişiklik qeydə alınır və ona müvafiq şəhadətnamə təqdim edilir”.
Hüquqşünas aşağıdakı hallarda şəxsin adının, atasının adının və soyadının dəyişdirilməsinə yol verilmədiyini qeyd edib:
“Ərizə verən şəxs cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda və müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə.
Adın, atasının adının və soyadının dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq imtina haqqında qərar qəbul edir, bu barədə 5 iş günü müddətində ərizə verən şəxsə məlumat verir və onun müraciəti əsasında həmin qərarın bir nüsxəsini, təqdim etdiyi sənədlərlə birlikdə qaytarır. Adın, soyadın və atasının adının dəyişdirilməsindən imtina edildikdə vətəndaş bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bununla bağlı mübahisələrə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında imtinanın hansı hallarda əsaslı hesab oluna biləcəyini göstərib. Qərarda qeyd edilir ki, məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlarla fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına xüsusi diqqət yetirməlidirlər. Ad və ya soyadın dəyişdirilməsi tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin mövcudluğu vacibdir. Yalnız şəxsi zövqə, sadə emosional bağlılığa və ya adi sosial-mədəni səbəblərə istinad edilməsi fərdi hüquqların üstün tutulması üçün kifayət etmir. Şəxsi adını və ya soyadını dəyişdirməyə sövq edən real səbəblər mövcud olmalı və həmin səbəblər onun həyatında davamlı şəkildə ciddi məhrumiyyətlər yaratmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, adın, atasının adının və soyadının ilk dəfə verilməsi ilə müqayisədə, sonradan dəyişdirilməsi zamanı dövlət bu dəyişikliklərin həyata keçirilməsi və izlənilməsi üçün müəyyən resurslar sərf edir. Buna görə də belə müraciətlər üzrə daha real, ciddi və əsaslandırılmış səbəblərin mövcudluğu tələb oluna bilər".